TRTAJANS - "Məqsədimiz Türkiyə ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığı daha da gücləndirməkdir"

 Xəbərlərin Faktiki Ünvanı 

Mədəniyyət

"Qardaş Türkiyə ilə mədəniyyət sahəsində həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində geniş əməkdaşlıq imkanları mövcuddur.

Ortaq tarix və dəyərlərimizə əsaslanan bu əməkdaşlıq dövrün tələbi olmaqla bərabər, ölkələrimizin bütün maraqlarını tam şəkildə ehtiva edir. Martın 1-dən 3-dək nazirliyin geniş nümayəndə heyəti ilə Türkiyə səfərimiz gerçəkləşdi. Ankara və İstanbulda çoxsaylı görüşlərimiz oldu. Səfər zamanı iki ölkə arasında mədəniyyət üzrə birgə komissiyanın iclası keçirildi. İncəsənət, muzey, kitabxana işi, kino sənayesi və s. sahələrdə əməkdaşlığa dair faydalı müzakirələr aparıldı. İclasın yekun protokolu da mədəniyyətin bütün spektri üzrə gələcək birgə fəaliyyətimizi əhatə edir."

Trtajans.az xəbər verir ki, bunu  Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir qeyd edib ki, məqsədimiz Türkiyə ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığı daha da gücləndirmək, bir çox məsələlər üzrə təcrübə mübadiləsi aparmaqdır. Xüsusilə də kino sahəsi üzrə birgə layihələr həyata keçirməyi planlaşdırırıq. Vətən müharibəsində əldə etdiyimiz zəfərin həm türk dünyasında, həm də beynəlxalq platformada ən yüksək səviyyədə təbliğində kino layihələri mühüm rol oynaya bilər. Bu məqsədlə ortaq layihələr həyata keçirmək istəyirik. Türkiyə tərəfi də bu sahədə işbirliyinə böyük önəm verir. Türkiyənin film istehsalı ilə məşğul olan aparıcı şirkətləri ilə əlaqə yaratmışıq. Birgə filmlərin çəkilişlərində Azərbaycan tərəfindən həm aktyorlar, həm də rejissorlar iştirak edəcəklər. Məlumdur ki, Türkiyənin kino sənayesi son dövrlərdə çox inkişaf edib. Türk filmləri, serialları dünyada maraqla qarşılanır. Biz də bu təcrübədən yararlanmaq istəyirik:

"Səfər çərçivəsində nümayəndə heyətimizin üzvləri türkiyəli həmkarları ilə muzey əşyalarının qorunması, elmi tədqiqatı, muzeylərin maarifləndirici xüsusiyyətləri və təhsildə rolu, birgə sərgilərin təşkilini müzakirə etdilər. Görüşlərdə media-kommunikasiya sahəsində əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, iki ölkənin birgə layihələrinin Türkiyə mətbuatında işıqlandırılması, habelə teatr sənəti sahəsində əməkdaşlıq, müştərək layihələrin həyata keçirilməsi, kitabxanaların rəqəmsallaşdırılması və vahid elektron kitabxana sisteminin qurulması prosesində qardaş ölkənin təcrübəsinin tətbiqi imkanları və s. məsələlərlə bağlı müzakirələr aparıldı. Əminəm ki, bu danışıqlar, görüşlər çox faydalı oldu və gələcək əməkdaşlığımıza töhfə verəcək bir başlanğıcdır".

Pin It
»

40% Endirimli

Qalereya