TRTAJANS - "Erməni vandalizmi ilə bağlı UNESCO və ICESCO-ya, BMT və 150 ölkənin Mədəniyyət Nazirliyinə müraciət edilib"

 Xəbərlərin Faktiki Ünvanı 

Mədəniyyət

"Ermənilər 30 ilə yaxın işğal altında saxladıqları tarixi yurd yerlərimizdə bütün infrastrukturu, o cümlədən tarixi-mədəni irsimizi məhv ediblər.

Qarabağda ermənilərin törətdiyi vandalizm artıq dünya ictimaiyyətinə çatdırılır. Yeri gəlmişkən qeyd edim ki, mədəni irsimizə qarşı törədilən vandalizm aktları ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən UNESCO və ICESCO-ya, BMT-nin Sivilizasiyalar Alyansına və 150 ölkənin Mədəniyyət Nazirliyinə müraciət edilib."

Trtajans.az xəbər verir ki, bunu  Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, indiyədək dövlət qeydiyyatında olan 313 tarix-mədəniyyət abidəsinin monitorinqi həyata keçirilib. Həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 113 obyekt aşkar edilib. Baxış keçirilən tarix-mədəniyyət nümunələrinin əksəriyyəti işğalçılar tərəfindən tamamilə məhv edilib. Həmçinin 846 mədəniyyət müəssisəsi monitorinq edilib ki, onlardan 451-i kitabxana, 342-si mədəniyyət evi və klub müəssisəsi, 20-si muzey, 25-i uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur. Bu müəssisələrdən 14-ü ilkin monitorinq nəticəsində aşkar edilsə də, nazirliyin şəbəkəsində yoxdur. Müəssisələrin, demək olar ki, hamısı tamamilə dağıdılmış vəziyyətdədir.

Monitorinqlər Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam və Kəlbəcər rayonları üzrə aparılıb. Monitorinq davam edir və bu proses yekunlaşandan sonra erməni işğalı dövründə mədəniyyətimizə vurulmuş ziyanın tam mənzərəsini həm ölkə ictimaiyyətinin, həm də beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracağıq:

"Məlum olduğu kimi, Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması qarşıdakı dövrün prioritetlərindəndir. Yaşayış məntəqələrində düşmənin vandalizminə məruz qalmış mədəniyyət abidələrinin bərpası təxirə salınmadan aparılacaq və bütün bu işlər bilavasitə dövlət başçısının diqqət mərkəzindədir.

İlk növbədə Şuşa şəhərində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. İşğal zamanı erməni vandalizminə məruz qalmış tarixi abidələr, məqbərələr, ev-muzeyləri, məscidlər, eləcə də Qazançı kilsəsi bərpa edilir. Əminəm ki, aparılan təmir-bərpa işləri Şuşanın tarixi-mədəni simasını özünə qaytaracaq, qədim şəhərimizi dünya mədəni irs xəritəsində yeni cazibə mərkəzinə çevirəcək".

Pin It
»

40% Endirimli

Qalereya