Dünya

 
 
Tanınmış hüquqşünas, siyasi ekspert Adil Minbaşıdan sensasion proqnoz…
Xəbər verdiyimiz kimi, İran özünün növbəti prezident seçkilərinin həyəcanını yaşayır. Belə ki, İranın rəsmi qurumları sayca 13-cü prezident seçkilərinin 2021-ci il iyun ayının 18-də keçiriləcəyini bəyan ediblər. Artıq namizədlərin siyahısı da bəllidir. Bəs bu namizədlərdən kimin şansı daha böyükdür?
Bu sualla istər ABŞ-da keçirilən sonuncu Prezident seçkilərində, istərsə də vaxitə Rusiyada, İrakda və digər ölkələrdə kimin prezident seçiləcəyi barədə proqnozları özünü tamamilə doğrulduğu tanınmış hüquqşünas və siyasi ekspert Adil Minbaşıya müraciət etdik. Adil Minbaşı namizədlər sırasından hazırda İran parlamentinin sədri Məhəmməd Bağır Qalibafın adını çəkdi:

-Adil müəllim, bu dəfəki sualımız isə İranda iyun ayında keçiriləcək növbəti prezident seçkilərində kimin qalib şansının böyük olması barədədir…
- Mən hələ ötən il bir neçə tanınmış siyasətçilərin İranla bağlı birgə müzakirəsində də demişdim ki, yadınızda saxlayın, Iranın növbəti prezidenti spiker Məhəmməd Bağır Qalibaf olacaq! Səhv xatırlamıramsa, sizə də bu barədə demişdim.
-Qəti əminsiniz…
-Bu olacaq! Yeri gəlmişkən, bir neçə gün əvvəl «Kommersant» qəzeti bir yazı dərc etmişdi. Fevralın 9-da. Qəzet yazırdı ki, «…İranın ali dini lideri Ayətullah Əli Xamnei "son sözü"nü deyib: Tehran yalnız "Vaşinqtonun birtərəfli sanksiyaları ləğv etdiyi təqdirdə", nüvə razılaşmasına əməl edəcək. ABŞ prezidenti Co Bayden də öz növbəsində İrana tətbiq olunan sanksiyaların ləğvinin yalnız iranlıların uran zənginləşdirməsini dayandırdıqda baş verəcəyini açıq şəkildə bildirib». Bu nə deməkdir? Bu yaxınlarda isə Iran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf Moskvaya səfər etdi, güman ki, o, məhz bu məsələləri müzakirə edib... Hətta «Kommersant» yazının başlığını belə də verib: «Qalibaf Kremilə «Son söz»dən başqa daha nə çatdırıb?»
Ancaq nə çatdırdığı bilinmir, müəllif də bu barədə heç nə yazmır, hətta gümanlar yaradacaq, ehtimallara yol açacaq eyhamlar da yoxdur. Beləliklə, suallar tam açıq qalır.
-Elə bizi də bu sualın cavabı maraqlandırır deyə, Sizə müraciət etmişik…
-Bilirsiniz, İran və Rusiya mətbuatının bu görüş barədə rəsmi açıqlamaları müzakirə olunan əsas məsələnin gizlədiməsinə yönəlib. Məhəmməd Bağır Qalibaf Iranın növbəti prezidenti olmağa hazırlaşır, görüş də Moskvanın razılığını almaq uçündür. Eks-prezident Əhmədi Necat və digərlər namizədlərin şansları onunla müqayisədə xeyli zəifdir. Deyə bilərəm ki, hansısa gözlənilməz fors-major bir hadisə baş verməsə, İran Islam Respublikasının növbəti prezidenti cənab Məhəmməd Bağır Qalibafdır!
-Adil müəllim, mövzudan yaranan çox vacib ikinci sual isə açıq qalır: əgər Qalibafın prezident secilməyə elə yüksək şansı varsa, onda niyə Putin onu şəxsən özü qəbul etmədi?
-Məsələ ondadır ki, Məhəmməd Bağır Qalibafın şansının yüksək olması ilə Rusiyanın maraqları üst-üstə düşmür…
-Niyə və nədə?
- Məhəmməd Bağır Qalibaf prezident seçiləcəyi halda Iranla Amerika arasında yaxınlaşma baş verəcək, bu, şübhə doğurmur. Və aradakı məlum sanksiyalar da daxil, bir çox problemlər həllini tapacaq. O zaman Iranın Rusiyadan asılılığı, başqa sözlə desəm, Rusiyanın Irana təsir imkanları azalacaq. Bu isə Putinin və Rusiyanın siyasi maraqlarına qəti uyğun deyil…
Asif Mərzili
 İranda növbəti prezident seçkiləri: kimin şansı böyükdür?
P.S.Xatırladaq ki, İran mətbuatının da yazdığı kimi, Məhəmməd Bağır Qalibaf 2010-cu ilə qədər Tehranın bələdiyyə başçısı olub Məhəmməd Bağır Qalibaf gənclik illərindən bəri həm dini liderə sədaqəti, həm də izgüzarlıq qabiliyyəti ilə seçilib… Sonra İranın spikeri olub. O, hələ Tehran bələdiyyəsinin başçısı olandan sonra İran Polis İdarəsinə də rəhbərlik edib. Bundan əvvəl isə İran İslam İnqilabı Keşikçiləri (SEPAH) korpusunun Hava Qüvvələrinin keçmiş komandiri olan Qalibaf ata tərəfdən kürd, ana tərəfdən isə fars əsillidir. O, İran-İraq müharibəsinə qatılıb və 22 yaşında Xorasan əyalətindəki SEPAH 5-ci Nümayiş Qərargahının komandiri təyin olunub. Müharibədən sonra SEPAH-n iqtisadi qolu olan Xatəmi-Ənbiya qərargahının, 1996-cı ildə korpusun Hava Qüvvələri komandiri vəzifələrinə təyin edilib. Airbus sərnişin təyyarəsini idarə edə biləcək qədər yaxşı pilot olan Məhəmməd Bağır Qalibaf Tehranın Tarbiat Modares Universitetinin Siyasi Coğrafiya Bölməsini bitirib.
Mahmud Əhmədinejadın qələbəsi ilə nəticələnən 9-cu İran Prezident seçkilərində namizəd olmuş Qalibaf 17 Sentyabr 2005-ci ildə Tehran Bələdiyyə Məclisi tərəfindən bələdiyyə başçısı təyin edilir, bu sahədə ciddi uğurlar qazanır və 2008-ci ildə beynəlxalq təşkilat olan Worldmayor tərəfindən dünyanın 8-ci ən yaxşı bələdiyyə başçısı adına layiq görülür.