TRTAJANS - "MEDİA QANUNUN HAZIRLANMASINDA ƏHMƏD İSMAYILOVUN BÖYÜK ƏMƏYİ VAR"

 Xəbərlərin Faktiki Ünvanı 

Dünya

 

...Azərbaycanda yeni "Media haqqında" Qanun hazırlanır...

İctimai müzakirələrdən və Milli Məclisin komitə iclaslarındakı təklif və rəylərdən keçən bu qanunun layihəsi ətrafında hələ də mübahisəli fikirlərə rast gəlirik. "Təzadlar" qəzetinin baş redaktoru, Avropa Jurnalistlər Federasiyasının üzvü Asif Mərzili qeyd olunanlar barədə Trtajans.az portalına bunları söylədi:

-Bəli, sosial şəbəkələrdə bəzi elektron KİV-lərdə bu müzakirələri dərindən izləyirəm. Gülməli də olsa, özünü media təmsilçisi adlandıran bəziləri hətta bu qanunun layihəsinin müzakirələrdən keçməsi məqamında belə öncəgörənliklə milli mətbuatımızı və jurnalistikamızı artıq "dəfn ediblər", bəziləri fatihəsini oxuyub, bəziləri hətta baş daşı da qoydurub və s. kimi təəssüf hissi doğuran hallar... Şəxsən bu qanun layihəsini diqqətlə oxumuş, müzakirələrlə yaxından tanış olmuş KİV nümayəndəsi, bu sahədə yetərincə praktik təcrübəsi olan jurnalist kimi deyə bilərəm ki, bu layihə dünyanın aparıcı ölkələrinin media qanunlarının ümumiləşdirilmiş məhsuludur. Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılovun hüquqşünas olduğunu, praktik təcrübəyə malikliyini bildiyimdən, agentliyə rəhbərliyi günündən onun fəaliyyətini diqqətlə izləyirəm. Təlimlərdə birgə olmuşuq. Novator olan insana bəzən qısqanclıq, onun təmiz niyyətlə edəcəyinə şübhə ilə yanaşma olur. İndi də onu görürəm... Mən Rusiyanın, Türkiyənin, Qazaxıstanın, Macarıstanın, Gürcüstanın, hətta Ermənistanın da KİV qanunvericiliyini bu dəfə də izləyib müqayisə etmişəm. Dəfələrlə Azərbaycanda və xarici ölkələrdə media ilə bağlı beynəlxalq simpozium və konfranslarda iştirak etmişəm... Hər bir ölkənin yerli mediasının strukturuna və ictimai, dövləti maraqlarına uyğun özəl qanunvericiliyi var. Azərbaycanın da özünə uyğun, dövləti və ictimai maraqlarına uyğun özəl qanunu olmalıdır və indiki media qanunu da bu prinsipdən hazırlanıb. Rusiyanın, ABŞ-ın, yaxud İtaliyanın jurnalistinin təfəkkürü və milli maraqları ilə Azərbaycan jurnalistininki eyni ola bilər? Jurnalistlərin təfəkkürü və milli maraqları eyni deyilsə, media qanunu niyə də müxtəlif olmasın? Bəli, istənilən qanuna zaman keçdikcə əlavə və dəyişiklik edilir, bu təbiidir. Konstitusiyamıza dəyişiklik edilirsə, deməli, bu qanuna da zamanı gələndə əlavələr ediləcək. İndiki halda isə, bu qanunun ərsəyə gəlməsində Media Agentliyi rəhbərliyinin, komandanın, xüsusən də Əhməd İsmayılovun böyük zəhməti, xidmətləri var. Biz uzun illərdir ki, mediamızdakı xaosdan narazılıq edirdik, 20 il idi çıxış yolu tapa bilmirdik. İndi də deyirik ki, niyə bu qanunda filan məsələ qeyd edilməyib və s. Dəfələrlə Mətbuat Şurasına yazılı müraciətimdə, yazılarımda qeyd etmişəm ki, istənilən adam domen alıb 200-300 manata sayt, TV yaradır və başlayır kefi istəyəni etməyə. Yaxud, gedir Ədliyyə Nazirliyinə, bir qəzet açır, düşür cəmiyyətin canına... Nə qədər jurnalist adlı həmkarlarımız sui-istifadələrə görə həbs edilib, həbsdə yatanlar var. Çünki nəzarət mexanizmi yoxdur. Bəziləri isə nəzarəti monopoliya, senzura kimi yozur. "Təzadlar" qəzetində 7-8 il əvvəl "Baş çoban-baş redaktor" başlıqlı məqalə dərc edilmişdi. Şəxs bir qəzetin baş redaktoru idi, bəlli əmələ görə həbs edildi, əmək kitabçasına baxdıq, baş çoban işləmişdi... Müstəqillik, jurnalist, media azadlığı, informasiya sərbəstliyi budursa, mən şəxsən beləsini istəmirəm...  

Yazdı: Elçin Cəfəroğlu

 

Pin It
»

40% Endirimli

Qalereya