Toplum

Koronavirus, pandemiya, kovid...Çox çətin zamanda yaşamaq məcburiyyətində qalmışıq. Dünyanı cənginə alan bu bəlanın qarşısını necə almalı, normal həyata necə qayıtmalı? Bu və digər məsələlər barədə fikirlərini oxucularla bölüşən həkim Elnarə xanım Osmanovayla müsahibəni oxuclara təqdim edirəm.

Elnarə xanım, əvvəlcə bir neçə kəlmə həkimlik peşəsinə necə gəlməyinizdən danışa bilərsinizmi?

Əvvəla, mən də və fikirlərimi, arzu və istəklərimi oxuculara təqdim etdiyinizə görə sizə öz təşəkkürüm bildirirəm.

Həkim olmaq, insanların  sağlamlığı keşiyində durmaq şərəfli peşədir.Mən hələ orta məktəbdə oxuyarkən bu şərəfli peşəyə yiyələnməyi, həkim olmağı qarşıma məqsəd qoymuşdum. 2002-ci ildə bu arzu və istəyimə nail oldum: Azərbaycan Tibb Universitetinin müalicə işi fakultəsinə daxil oldum və 2008-ci ildə universiteti bitirib terapevt kimi fəaliyyətə başladım. Elə o gündən indiyə kimi bu işdə çalışıram.

Elnarə xanım, sizin bir həkim kimi yetişməyinizdə universitetdə aldığınız biliklərin, yoxsa terapevt kimi işlədiyiniz illərin təcrübəsi daha çox rol oynayıb?

Sözsüz ki, nəzəri biliyə yiyələnmək istənilən peşənin əsasını təşkil edir və mən indi bir həkim kimi çalışdığıma görə universitetdə aldığım o biliklərə görə təcrübəli, dünya səviyyəsində biliyə malik müəllimlərin mühazirələrinə, praktiki təcrübələrinə borcluyam. Düzdür, işə başladığım ilk günlər müəyyən çətinliklərlə üzləşirdim və bu da təbii bir prosesdir.Amma mən heç vaxt ruhdan düşmür və özüm üzərində daima işləyir, əlavə kurslara gedir və biliyimi,təcrübəmi daha da artırırdım. Belə ki, 2012-16-cı illər ərzində bir çox vacib kursların dinləyicisi olmuş və peşəkarlığımı daha da artırmağa çalışmışam.

Sualım son zamanlar demək olar ki, dünyanı bürüyən,eləcə də Azərbaycandan yan keçməyən koronavirus bəlasından olacaq. Sizcə, nə baş verir? Yəni, bu xəstəlik bu qədər təhlükəli, bu qədər aqressivdir ki, tibb onun qarşısında aciz qalıb, yoxsa qorxmağa heç bir əsas yoxdur. İnsanlar qorxu altında yaşayır, əndiləşir,ümidsizliyə düçar olurlar. Çıxış yolu yoxdurmu?

Bəli, sizin qeyd etdiyiniz kimi, son illər dünyanı koronavirus bəlası kimi bir bəla bürüyüb və bu bəla Azərbaycandan da yan keçməyib.İnsanlar bu virusa tutulur və çox təəssüf ki, müxtəlif tədbirlər görülsə də, insanlarımız bu xəstəlikdən ölürlər. Düzdür, dövlətimiz bu sahədə böyük işlər görüb, əhalinin çox hissəsi peyvənd olunub, müalicə olunmaq  üçün əlavə xəstəxanlar yaradılıb. Amma yenə də insanlarımız məhv olur.

Əvvəla onu demək istəyirəm ki, bu virusdan qorxmaq lazım deyil.Yeri gəlmişkən, bu sahədə bəzi iradlarımı da bildirmək istəyirəm. Xəstəlik peyda olunandan ta bu günə kimi dünya mətbuatında, o cümlədən Azərbaycanda müxtəlif səpgili qorxunc proqnozlar verilir.Virusun ölümcül olmasını, yeni-yeni ştamların yaranmasından irəli gələn təhlükələri ən müdhiş  halda əhaliyə bildirirlər. Nəticədə əhali panikaya düşür, xəstəliyin sağalmaz bir xəstəlik olduğuna inanır. Belə məlumatları mətbuatda, sosial şəbəkələrdə yaymaq düzgün deyil.

Mövzudan kənara çıxmaq kimi olmasın,  düzgün olmazdımı ki, biz xəstəxanaları, klinikaları Türkiyədə olduğu kimi “sağlamlıq ocağı”, “sağlamlıq mərkəzi” adlandıraq. Səhv etmirəmsə, “Ögey ana” filmində Dilara xanımın işlədiyi yer də “xəstəxana” adlanmır. Xəstəxana sözü elə özü bir inamsızlıq,düşgünlük yaradır. İnsanlarda belə bir təsəvvür yaranır ki, xəstəxana nə isə son bir nöqtədir. Yəni, insanlarda inam yaratmağə elə “sağlamlıq ocağı”, “sağlamlıq mərkəzi”, “sağlamlıq klinikası” kimi  gözəl səsləndirilən adlardan başlamaq lazımdır.

Elnarə xanım, siz bir həkim kimi kovidə tutulmuş xəstələrlə təmasda olursunuz. Bu təmasın həkim üçün nə dərəcədə riskli olmasını izah edə bilərsinizmi? Həkimlərin yolxucu xəstəliyə tutulmuş xəstələrlə münasibətində davranışın, hərəkətin  müəyyən bir həddi varmı?

Bu qətiyyən belə deyil. Həkimlər yüksək risk altında olsalar da, xəstəyə baxmaq onların həm peşə, həm də insani borcudur. Siz heç eşitmisiniz ki, hansısa həkim xəstəyə baxmaqdan imtina edib. Pandemiyanın başladığı gündən bu günə kimi bizm nə qədər həkimlərimiz vəfat edib. Mən o həkimləri fədakar, insanlığın uca zirvəsi, hətta şəhid belə adlandırardım. Heç bir riskdən qorxmayıb,xəstələrin sağalması naminə həyatlarını belə qurban veriblər. Allah bu cür fədakar həkimlərimizə rəhmət eləsin.

Həkimlə xəstə arasındakı münasibətə gəldikdə, onu qeyd eləmək istəyirəm ki, xəstə həkimə, özünə inanmalıdır. Hippokrat deyirdi ki, “ Xəstə, xəstəliyə qarşı  mübarizəni həkimlə birlikdə aparmalıdır”. Əgər xəstə ilə həkim arasında qarşılıqlı inam yoxdursa, ən effektli müalicənin xeyri olmayacaq. Hər şeydən əvvəl,  xəstədə elə bir inam yaranmalıdır ki, ən ağır xəstəlik belə onun psixikasına mənfi təsir etməsin. Çünki insan orqanizmi elə bir mürəkkəb sistemdir ki, düzgün olmayan cüzi bir siqnal bədən üzvlərimizn reaksiyasını dəyişir, orqanizm ən effektli müalicəni belə qəbul etmir və qısaca desək, rədd edir. Yenə də böyük Hippokratdan misal gətirmək istəyirəm. O deyirdi: “Həkim xəstəliyi müalicə edir, təbiət isə sağaldır”. Bəli, bizim orqanizmimizdə elə mürəkkəb elementlər var ki, orqanizm hər cür xəstəliyə qarşı mübarizə apara bilir, necə deyərlər, özü-özünü sağaldır. Bu isə xəstənin özünə inamından irəli gəlir. Bu inamı da həkim yaratmalıdır.

Elnarə xanım, maraqlı söhbətinizə görə sizə təşəkkürümü bildirir və sonda oxucularımıza arzu və istəklərinizi bilmək istərdim.

Hər şeydən əvvəl onu arzulayıram ki, heç bir vətəndaşımızın qisməti nə xəstəxanalıq, nə də həkimlik olsun. Tarixən, müxtəlif dövrlərdə müxtəlif xəstəliklər olub və zaman keçdikcə bu xəstəliklərin qarşısını alacaq dərmanlar tapılıb, peyvəndlər yaradılıb. Müasir dövrdə isə tibb sahəsində böyük uğurlar əldə edilib və bir zamanlar sağalmaz  sayılan xəstəliklərin müalicəsi indi çox adi bir hala çevirilib. Ona görə də heç bir xəstəikdən qorxmaq lazım deyil. Həkimə inanmaq, təyin olunmuş müalicəni almaq lazımdır. Mən də sizə,bütün oxuculara möhkəm can sağlığı  və işlərinizdə uğurlar arzulayıram.

Söhbətləşdi: Şakir QURBANOV