TRTAJANS - Çukurova Konservatoriyasındakı orkestr salonu azərbaycanlı bəstəkarın adını daşıyacaq

 Xəbərlərin Faktiki Ünvanı 

Mədəniyyət

Türkiyənin Çukurova Universiteti Dövlət Konservatoriyasında yeni yaradılmış orkestr salonuna  azərbaycanlı bəstəkar, 

skripka ifaçısı, Əməkdar artist, professor Fərhəng Hüseynovun adı verilib. 

Diaspora Komitəsindən "Trtajans.az"a bildirilib ki, bu barədə qərar universitetin senatında qəbul edilib. Təşəbbüsü həmvətənimiz – Çukurova Universiteti Dövlət Konservatoriyasının müdiri, dosent Ülviyyə Aslanova Gülər irəli sürüb. 

Çukurova Universitetində bəstəkarın xatirəsinin əbədiləşdirilməsi təsadüfi deyil. 1992-ci ildən Türkiyədə yaşayan F.Hüseynov Çukurova Universiteti Dövlət Konservatoriyasının simli alətlər kafedrasının müdir müavini vəzifəsində çalışıb. Burada yaradıcılıq və pedaqoji fəaliyyətlə məşğul olub. Tələbələrinə skripka alətinin sirlərini öyrədib, dəfələrlə Ankara, İzmir, Mersin, Bursa və başqa şəhərlərin konsert salonlarında uğurla çıxış edib. F.Hüseynov təkcə Universitetin deyil, həm də Türkiyə ictimaiyyətinin dərin məhəbbətini qazanıb. 

Azərbaycanlı sənətkar 1949-cu ildə anadan olub, 1975-ci ildə P.İ.Çaykovcki adına Moskva Dövlət Konservatoriyasının ifaçılıq fakultəsini, 1982-ci ildə isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsini bitirib. Bakı Musiqi Akademiyasının "Simli alətlər" kafedrasının dosenti olub. "Kiçik şahzadə", "Kodayu", "Zaman üzrə səyahət",  "Mərasimlər", "Qoy dünyada sülh olsun!", "Kiçik kantata", "Stabat Mater"  və digər əsərlərin müəllifidir. Yaponiya və ABŞ-da keçirilmiş "Böyük İpək Yolu" və "Xose Asunsyon Flores" adına beynəlxalq müsabiqələrin laureatı olub. Fərhəng Hüseynov 2010-cu ildə vəfat edib. 

Pin It
»

40% Endirimli

Qalereya